Fevralın 18-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 24 min 419 əmanətçiyə 623,3 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.
Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə keçən il iyunun 16-dan fevralın 18-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 240,63 milyon manat kompensasiya ödənilib. "AG Bank" üzrə 4666 əmanətçiyə 111,4 milyon manat, "NBC Bank" üzrə isə 4204 əmanətçiyə 129,22 milyon manatdan çox kompensasiya ödənilib. Ötən il iyunun 1-dən fevralın 18-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 382,66 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib. Hesabat dövründə "Amrah Bank" üzrə 5794 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 139,74 milyon manat, "Ata Bank" üzrə 9755 əmanətçiyə isə 242,91milyon manat təşkil edib.
Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq. Kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə sığorta hadisəsi baş vermiş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank”ASC və “AG Bank”ASC-nin lisenziyaları Mərkəzi Bank tərəfindən ləğv edilib, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 28 aprel və 14 may tarixli qərarlarına əsasən, sözügedən banklar müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Müflis olunmuş banklar üzrə öhdəliklərin reyestri fonda təqdim olunub və ADIF tərəfindən qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinə qısa zaman ərzində başlanılıb. Fondun Himayəçilik Şurasının qərarına əsasən, qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Ata Bank” ASC və “Amrah Bank” ASC üzrə “Kapital Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC seçilib. Əmanətlərin Sığortalanması Fondu ötən il iyunun 1-dən “Ata Bank” ASC və “Amrah Bank” ASC-də, iyunun 16-dan isə “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlayıb.
ADIF bağlanmış banklarda problemlərlə üzləşmiş əmanətçilərin nəzərinə çatdırır ki, vəsaitlərin qanunvericiliyə müvafiq qaydada və qısa müddətdə qaytarılmasının təmin edilməsi ilə bağlı bütün lazımi tədbirlər görülür.