Amputasiya hallarında əlillik dərəcəsinin müəyyən edilməsi
2021.02.19 11:30 (UTC+04:00)
Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, Əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:
- iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);
- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);
- hər iki əlin bilək oynağından amputasiyası.
II dərəcə əlillik müddətsiz təyin edilir:
- bir budun güdülü;
- bir əlin güdülü.
III dərəcə əlillik müddətsiz təyin edilir:
- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);
- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;
- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).