Ötən il depozitlərin dollarlaşması azalıb

2021.02.19 12:50 (UTC+04:00)

Mərkəzi Bankın “Pul siyasəti icmalı”na əsasən, il ərzində manatla pul bazası 11,6 faiz artıb və dövrün sonuna 13,6 milyard manat təşkil edib.

2020-ci ildə manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 13,8 faiz artıb, manatla müxbir hesabların qalığı isə 1,2 faiz azalıb. İl ərzində geniş pul kütləsi 1,1 faiz artıb və dövrün sonuna 29,2 milyard manat təşkil edib. Manatla geniş pul kütləsi isə 11,3 faiz artaraq ilin sonuna 20,3 milyard manata çatıb.

Manatla pul kütləsinin strukturunda dövriyyədə olan nağd pul, tələb olunana kimi əmanət və depozitlər və müddətli əmanət və depozitlər fərqli dinamika nümayiş etdirib. Ötən il geniş mənada pul kütləsinin tərkibinə daxil olan nağd pul kütləsi 13,4 faiz, manatla tələb olunanadək əmanət və depozitlər 20,3 faiz artıb.

Müddətli əmanət və depozitlər isə 14,1 faiz azalıb. Manatla tələb olunanadək əmanət və depozitlərin yüksək templə artması iqtisadiyyatda nağdsızlaşma prosesinin getdiyini göstərir.

2020-ci il ərzində manatla geniş mənada pul kütləsinin tərkibində olan hüquqi şəxslərin manatla depozitləri 15,3 faiz artıb. Fiziki şəxslərin manatla əmanətləri isə 2,6 faiz azalıb. Geniş mənada pul kütləsinin dəyişiminə xalis xarici aktivlər artırıcı, xalis daxili aktivlər isə azaldıcı təsir edib.

2020-ci ilin əvvəlində depozitlərin dollarlaşması bir qədər artsa da, ilin sonuna azalıb. Xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi 2020-ci ilin mart ayında 56,5 faizdən dekabrın sonunda 48,2 faizə enib.
Hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı il ərzində azalaraq 65,6 faizdən 58,1 faizə enib. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində də azalma baş verib. Bu rəqəm ilin əvvəlindəki 52,2 faizdən 50,8 faizə enib.