Keçən il ölkədə 129 min yeni iş yeri açılıb

2021.02.19 10:30 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində yaradılmış iş yerlərinin 54,9 faizi qeyri-dövlət sektorundadır. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

İş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 29 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 22,2 faizi tikinti, 12,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi emal sənayesi, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 2,9 faizi təhsil, 2,1 nəqliyyat və anbar təsərrüfatı, 10,1 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, 2020-ci il ərzində ölkədə 20,1 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.