Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır

2021.02.19 13:37 (UTC+04:00)

Özbəkistan Prezidenti Şevket Mirziyoyev “Süni intellekt texnologiyalarının tətbiqinin sürətləndirilməsinə dair” sərəncam imzalayıb.

Sərəncama əsasən, “Rəqəmsal Özbəkistan -2030” strategiyasının həyata keçirilməsi çərçivəsində ölkədə süni intellekt texnologiyalarının tətbiqi və kütləvi şəkildə istifadəsinin sürətləndirilməsi, eləcə də rəqəmsal məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə 2021-2022-ci illərdə süni intellekt texnologiyalarının araşdırılmasına və tətbiqinə yönəldilmiş tədbirlər planı qəbul ediləcək.

Tədbirlər planına görə, ölkədə 1 dekabr 2021-ci ilə qədər süni intellekt texnologiyasının inkişaf strategiyası hazırlanacaq, dövlət idarəçiliyi, sosial və iqtisadi sahələrdə süni intellekt texnologiyasından istifadə üçün araşdırmalar aparılacaq.

Plan çərçivəsində 2021-2022-ci illərdə ölkənin kənd təsərrüfatı, bankçılıq, maliyyə, vergi, nəqliyyat, enerji, səhiyyə, əczaçılıq və rəqəmsal hökumət sektorlarında süni intellektin tətbiqi ilə bağlı pilot layihələr həyata keçiriləcək.