Türkiyəli nazir: İki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir

2021.02.19 10:11 (UTC+04:00)

Azərbaycanın Zəfəri bölgəmizin ticari və logistik infrastrukturunu dəyişən tam yeni bir dövrün başlanğıcını yaratdı. Bu yeni mərhələdə də azərbaycanlı qardaşlarımızın yanında olacağıq.

Bu fikirləri Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Nazir diqqətə çatdırıb ki, dövlət başçılarımızın da qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir.

Ruhsar Pekcan qeyd edib ki, bütün dünya pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın böyük bir iradə ilə Qarabağı işğaldan azad etməsi hamımızda sonsuz sevinc yaradıb. Şəhidlərimizə Allahdan rəhmət diləyir, Zəfər münasibətlə azərbaycanlı qardaşlarımızı təbrik edirik.

Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirildiyini dıqqətə çatdıran nazir bildirib ki, artıq Türkiyə şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışırlar. İndiyə qədər ortaya qoyduğumuz uğurlu işləri infrastruktur layihələrində də tətbiq edəcəyik.