İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin roluna dair müzakirələr aparılıb

2021.02.17 18:55 (UTC+04:00)

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri iqtisadiyyatın diversifikasiyası əsasında qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının gücləndirilməsidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, mövzunun aktuallığı nəzərə alınaraq, Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən Azərbaycan İqtisadçılar İttifaqı və Azərbaycan Respublikası Auditorlar Palatası ilə birlikdə “İqtisadiyyatın diversifikasiyasında vergi siyasətinin rolu” mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov belə tədbirlərin əhəmiyyətindən söz açıb.
Azərbaycan İqtisadçılar İttifaqının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Tədris Mərkəzinin “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi”nin rəisi İmran Qarayev, Mərkəzin “Elm, innovasiya və əməkdaşlıq şöbəsi”nin elmi işçisi Şahzadə Mədətova seminarda çıxış ediblər.

Qeyd olunub ki, iqtisadiyyatın diversifikasiyası ölkənin neft sektorundan asılılığının aradan qaldırılmasında, qeyri-neft sektorunun və onun əsas tərkib hissələrindın biri olan sənayenin inkişaf etdirilməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malikdir, uğurlu vergi siyasəti iqtisadiyyatı stimullaşdırmaqla onun genişlənməsinə şərait yaradır.

Tədbirdən sonra M.Kazımov ilə İqtisadçılar İttifaqının sədri Z.Səmədzadə və Auditorlar Palatasının sədri V.Novruzov arasında işçi qaydada görüş keçirilib.

Görüşdə birgə əməkdaşlıq çərçivəsində tərəflərin peşəkar imkanlarının artırılmasına xidmət edən, o cümlədən birgə təşkilatçılıq ilə respublika və beynəlxalq səviyyəli konfrans və elmi tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi qərara alınıb.