Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” Qərar qəbul edib.
Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə bu ilin fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya veriləcək. İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq edəcək. Həmçinin İqtisadiyyat Nazirliyi un istehsalçılarına verilən subsidiyanın bu qaydaya uyğun ödənilməsini təmin etməlidir. Subsidiyanın ödənilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə vəsait ayrılacaq.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün müvafiq tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.