Aİ vergi sığınacaqlarının “qara siyahısını” yeniləyib

2021.02.17 15:45 (UTC+04:00)

Avropa İttifaqına (Aİ) hazırda sədrlik edən Portuqaliyanın Maliyyə naziri Coau Leau Aİ-yə üzv ölkələrin Maliyyə nazirlərinin videokonfrans formatında keçirilmiş yığıncağından sonra açıqlama verib. Aİ-nin vergi sahəsində əməkdaşlıq etmədiyi ölkələrin “qara siyahısı”nın yeniləndiyini bildirən C.Leau bu siyahıya Türkiyənin əlavə edilmədiyini xüsusi vurğulayıb.

Aİ-nin vergi sahəsində əməkdaşlıq etmədiyi ölkələrin sonuncu dəfə oktyabr ayında yenilənmiş siyahısında Amerika Samoa adaları, Anquilla, Barbados, Fici, Quam adaları, Palau, Panama, Samoa, Trinidad və Tabaqo, ABŞ Virciniya adaları, Vanuatu və Seyşel adaları kimi yurisdiksiyaların adları göstərilmişdi.

Çoxlu sayda şirkətlərin və fərdlərin ofşor hesablardan istifadə edərək vergidən yayındıqları ortaya çıxandan sonra Aİ 2017-ci ildə “vergi cənnətlərini müəyyənləşdirmək” prosesini başlatdı. Məqsədi vergi qaçaqlığına qarşı mübarizə olan siyahının hazırlıq mərhələsində müxtəlif ölkələrin vergi sistemləri təhlil edildi.

Vergi qanunları başqa ölkələrdən vergi yayındırmağa imkan yaradan ölkələr “qara siyahı”ya salınır, bu vəziyyəti aradan qaldırmaq üçün islahat aparmaq öhdəliyi götürən ölkələr isə siyahıdan çıxarılır. “Qara siyahı” hər il fevral və oktyabr aylarında yenilənir.

Mütəxəssislər diqqəti siyahının tərtibində ikili standartlara yol verildiyinə, xüsusilə Lüksemburq, Hollandiya, İrlandiya və Cənubi Kipr kimi “vergi sığınacağı” hesab edilən ölkələrin siyahıya salınmadığına yönəldirlər.