Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reallaşdıracağı layihələri açıqlayıb

2021.02.17 12:59 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçiriləcək layihələr açıqlanıb.

Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli həyata keçiriləcək layihələrə xidmətin “2021-2023-cü illər üzrə Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş tədbirlərin icrası, təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi və nəzarət sisteminin təkmilləşdirilməsi, Dövlət satınalmalarının vahid internet portalının Dövlət Xidməti tərəfindən idarəolunması və fəaliyyətinin təkmilləşdirilməsi, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2021-2025-ci illər üçün Dövlət Proqramı” layihəsinin hazırlanmasının aid olduğunu deyib.
M.Abbasbəyli qeyd edib ki, həmçinin “2021-2023 Milli Standartlaşdırma Proqramı” çərçivəsində 3 il ərzində 1400-dən çox standartın qəbul edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsi üzrə elektron platformanın yaradılması, ölkənin laborator-sınaq infrastrukturu potensialının gücləndirilməsi, əhaliyə və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq da reallaşdırılacaq layihələrə aiddir.