İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev dəyişikliyi şərh edərək bildirib ki, indiyədək elektron qaimə-fakturanın tərkibi, bölmələri, uçotunun aparılması dəqiq göstərilsə də, növləri dəqiq müəyyənləşdirilməmişdi.
“Əvvəllər bu məsələlər Vergilər Nazirliyinin təlimatı ilə tənzimlənirdi. İlk dəfə AVİS sistemində 5 növ elektron qaimə-faktura tətbiq olunurdu. Sonralar isə həmin sənədin istifadəsi zamanı məlum oldu ki, fəaliyyət sahələrindən asılı olaraq 9 növ qaimə-fakturaya ehtiyac var. Yeni qaydalarda onların hər birinin adı təsdiq edilib:
- malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə;
- malların qaytarılması barədə;
- malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən;
- malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə;
- agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən;
- agent tərəfindən malların vəkalətverənə qaytarılması barədə;
- malların emala verilməsi barədə;
- emal prosesi keçmiş malların qaytarılması barədə;
- Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən.
Əvvəllər malın qaytarılması ilə bağlı elektron qaimə-faktura tətbiq edilsə də, malın qaytarılması ilə bağlı dəqiqləşdirilmə üzrə qaimə-faktura verilməsi mümkün olmurdu. Dəyişiklikdə Vergi Məcəlləsinin 163-cü və 177.5-ci maddəsinin tələbləri nəzərə alınıb”.
Xatırladaq ki, elektron qaimə-fakturaların tətbiqi sahibkarların gəlir və xərcləri üzrə dövriyyəsi, ödəmələri, habelə həyata keçirilən ödəmələrin mənbəyi ilə bağlı məlumatların vahid sistemdə toplanmasına imkan verir. Elektron qaimə-fakturaların tətbiq olunması ilə sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə ehtiyac qalmır. Bu isə hər şeydən əvvəl sahibkarların maraqlarına uyğundur: elektron qaimə-fakturaların tətbiqi vergi ödəyicilərinin faydalı iş əmsalını yüksəldir, əmək məsrəflərini azaldır.
Fərqanə ALLAHVERDİQIZI