İpoteka istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb

2021.02.16 18:23 (UTC+04:00)

Bakı Fond Birjası (BFB) ipoteka istiqrazları üzrə faiz və nominal ödənişləri açıqlayıb.

BFB-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulub.

İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, fevralın 15-də AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilib. Buna əsasən, fevralın 15-dən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 843.42 manat təşkil edir.

Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən ipoteka istiqrazları üzrə növbəti faiz ödənişi dövründə 3 faizlik faiz gəliri 843.42 manat məbləği əsasında hesablanacaq. Bakı Fond Birjasında AZ2031008686, AZ2032008685, AZ2033008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 843.42 manat olması nəzərə alınmalıdır.