Professor Elşad Məmmədov ölkə başçısının bır sıra iri dövlət şirkətlərinin vahid idarəetməyə verilməsi ilə bağlı sərəncamını şərh edərkən bildirib ki, bu təcrübəni tətbiq edən ölkələrdə daha ciddi iqtisadi uğurlar əldə edildiyini görürük: “Ölkə Prezidenti dövlət şirkətlərinin idarə edilməsi ilə bağlı ciddi problemlərin olduğunu dəfələrlə vurğulamışdı. Ciddi struktur təhlili aparsaq görərik ki, dövlətin maliyyələşdirdiyi bəzi dövlət qurumlarının effekti büdcə daxilolmaları nöqteyi-nəzərdən olduqca aşağı səviyyədədir. Bu isə bütövlükdə dövlətin kapital qoyuluşlarının effektivlik əmsallarının aşağı olmasını şərtləndirir.
Bu gün dünya iqtisadiyyatı müstəvisində kapital qoyuluşlarının effektivlik əmsallarının artırılması ciddi aktuallıq kəsb edir. Bu baxımdan, Dövlət İnvestisiya Holdinqi tərəfindən dövlət şirkətlərində həm xərclər, həm də gəlirlər siyasətinin idarə olunması ölkəmizdə t sosial-iqtisadi idarəetməyə müsbət təsir göstərəcək”.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən həftə “Postpandemiya dövründə vergi sistemi” konfransındakı çıxışında bu məsələlərə toxunmuşdu.
Dövlət şirkətlərinin idarə edilməsi sahəsində əsaslı islahatların hazırlandığını bildirən nazir başlıca hədəflər arasında dövlət müəssisələrinin səmərəliliyinin və rəqabətliliyinin artırılmasının olduğunu vurğulamışdı.