Cənub Qaz Dəhlizinin reallaşdırılması Avropa İttifaqı ilə qarşılıqlı inama söykənən münasibətlərin dərinləşməsi deməkdir

2021.02.12 18:27 (UTC+04:00)

Cənub Qaz Dəhlizinin (CQD) reallaşdırılması Avropa İttifaqı ilə enerji sahəsində qarşılıqlı inama söykənən və etibarlı tərəfdaşlıqla səciyyələndirilən münasibətlərin bir qədər də dərinləşməsi deməkdir.

Bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.

Ekspert qeyd edib ki, neft amilindən sonra təbii qaz ixracı ilə bağlı tərəflər arasında kifayət qədər faydalı və konstruktiv əməkdaşlıq formalaşdığını müşahidə edirik. Avropa enerji daşıyıcıları idxalından asılıdır. Belə olan halda Azərbaycanın etibarlı ticarət tərəfdaşı kimi Avropa İttifaqı qarşısında önəmi artmaqdadır. Bununla yanaşı, Azərbaycan qazı uğrunda Avropa İttifaqının daxilində son illər ciddi mübarizə gedir. 10 milyard kubmetr qazın hansı bölgələrə istiqamətlənməsi ilə bağlı müzakirələr aparılıb, diskussiyalar keçirilib.
“Düşünürəm ki, bütün bunlar onu deməyə əsas verir ki, Cənub Qaz Dəhlizinə aidiyyəti üzrə lazımi səviyyədə resurs bazası olarsa, qaz ixracının bir qədər artırılması potensialı mövcuddur. Bu potensial hansı mümkün resurs bazaları tərəfindən təmin oluna bilər? İlk növbədə, düşünürəm ki, Rusiyanın bu layihəyə qoşulması daha realdır, nəinki Türkmənistanın. Çünki Türkmənistan üçün qaz ixracı nöqteyi-nəzərdən əsas hədəf bazarları kimi Asiya qitəsi mövqeləşməkdədir. Eyni zamanda, Xəzər dənizinin dibi ilə Azərbaycana qaz kəmərinin çəkilməsi məsələsi hələ ki, real həllini tapmayıb. Cənub Qaz Dəhlizinin bundan sonrakı fəaliyyəti ilə bağlı müzakirələr davam etdiriləcək. Azərbaycan bu qaz dəhlizinin reallaşdırılmasından öz iqtisadi və siyasi dividendlərini götürməkdədir. Çünki biz ölkəyə valyuta daxilolmalarının qaz ixracından kifayət qədər geniş formatda reallaşdırılması vasitəsilə görürük”, - deyə E.Məmmədov diqqətə çatdırıb.