Bu il KOB-lara yeni layihələr təqdim ediləcək

2021.02.12 18:00 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilmiş konfransda bildirib ki, həmin sahibkarların ümumi kredit tələbatı 148 milyon manat olub: “Qüvvəyə minmiş müraciətlər üzrə zəmanət məbləği 75 milyon manata yaxın olub. Digər dəstək tədbiri olan 1 milyard kredit portfeli üzrə faiz subsidiyalarının verilməsi mexanizmi çərçivəsində də 20 milyon manatdan çox subsidiya ödənilib”.

O.Məmmədov pandemiya dövründə sahibkarlıq subyektlərinin sosial məsuliyyət təşəbbüslərini xüsusi qeyd edib. Ölkə başçısının müvafiq qərarları ilə təsis edilən Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna, YAŞAT Fonduna, Qarabağın Dirçəlişi Fonduna indiyədək ümumilikdə 400 milyon manata yaxın vəsait toplanıb. Bu məbləğin əhəmiyyətli hissəsi sahibkarların könüllü ianələri hesabına formalaşıb.

KOBİA rəhbəri pandemiyanın bir sıra sektorlara mənfi təsir göstərməklə yanaşı, sahibkarlar üçün yeni biznes imkanları açdığını da vurğulayıb: “Zərərçəkən biznes sahələri ilə yanaşı, pandemiya dövründə onlayn xidmətlər, tibbi ləvazimatlar və kimyəvi təmizləmə vasitələrinin istehsalı, logistika, kənd təsərrüfatı istehsalı və emalı kimi sektorlar daha çox önə çıxıb”.

Postpandemiya dövründə KOBİA-nın mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə təmaslarının davam etdiriləcəyini vurğulayan O.Məmmədov onların inkişaf ehtiyaclarının qarşılanması üçün mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri çərçivəsində KOB-lara dəstək göstəriləcəyini, 2021-ci ildə KOB-lara yeni layihələr veriləcəyini deyib.