Xidmətin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilmiş konfransdakı çıxışında vergi siyasətinin əsas prioritetlərini səsləndirib. Onun sözlərinə görə, ortamüddətli dövr üçün quruculuq proseslərinin geniş vüsət alacağı, sənayeləşmənin, istehsal müəssisələrinin genişlənəcəyi nəzərə alınmaqla investisiya mühitinin əlverişliliyinin vergi yolu ilə tənzimlənməsi başlıca prioritet kimi seçilib. Əsas idxal məhsullarının yerli istehsal məhsulları ilə əvəzlənməsi üçün vergi təşviqlərinin verilməsi xüsusi önəm daşıyacaq. İstehsal müəssislərinin formalaşması ölkə iqtisadiyyatında məşğulluğun təmin edilməsi və onun dayanıqlığının artırılması, əmtəə-pul dövriyyəsinin ölkə iqtisadiyyatında dövr etməsi, ölkə iqtisadiyyatında yeni yaradılan dəyərin formalaşması, ÜDM-də orta sahibkarlıq sinfinin payının artması, investisiya qoyuluşunu təşviq edən xüsusi vergi imtiyazlarının tətbiq edilməsi ilə nəticələcək.
Qeyd edilib ki, kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadiyyatda rolunun genişləndirilməsi növbəti prioritetlər kimi müəyyənləşdirilib: “KOB subyektlərinin rəqabət qabiliyyətlərinin artırılması, institusional dəstək mexanizmlərinin tətbiqi, mikro sahibkarlıq subyektlərindən kiçik və orta sahibkarlığa keçid, bu məqsədlə hüquqi bazanın yaradılması, real sektorun maliyyələşdirilməsində fəal iştirak edən maliyyə institutlarına dəstək göstərilməsi, eləcə də həmin subyektlərin vergi xərclərinin optimallaşdırılması nəzərə tutulur”.
Şəffaflıq və nəzarət tədbirlərinin gücləndirilməsinə mühüm amil kimi diqqət yönəldən N.İmanov bildirib ki, bu məqsədlə uçot siyasətində şəffaflığın artırılması prioritetlər sırasına daxil edilib: “Haqsız rəqabətin aradan qaldırılması, rəqəmsal mühitin genişləndirilməsi və elektron xidmətlərin vergi orqanına inteqrasiya edilməsi əsas hədəfləndəndir. İlkin uçot sənədlərinin – invoysların, daxili qaimələrin, əmtəə, nəqliyyat qaiməsinin, yol vərəqələrinin və təsərrüfat fəaliyyətində istifadə edilən digər sənədləşmələrin elektronlaşdırlmasının mərhələli şəkildə həyata keçirilməsi, bununla sənədlərin korlanmasının, itirilməsinin, reyestrinin aparılmaması kimi halların aradan qaldırılması nəzarət mexanizminin məsafədən həyata keçirilməsinə və beləliklə vergi yoxlamalarının minimuma endirilməsinə nail olmaq nəzərdə tutulur”.
Qeyd edilib ki, inzibatçılığın minimuma endirilməsi üçün mikro sahibkarlıq subyektlərində mobil tətbiqlərdən istifadə edilməsi planlaşdırılır.
Fərqanə ALLAHVERDİQIZI