COVID-19 testinə çəkilən xərclər gəlirdən çıxıla bilər

2021.02.12 15:39 (UTC+04:00)

“Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilmiş konfransda sahibkarların suallarını cavablandıran Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, sahibkarların öz işçilərini COVİD-19 testinə cəlb etmək üçün çəkdiyi xərclər gəlirdən çıxıla bilər:
“Dəstək mexanizmlərdən biri də odur ki, istənilən sahibkarlıq subyektində pandemiya ilə mübarizə məqsədlilə həyata keçirilən zəruri profilaktik dezinfeksiya tədbirləri çərçivəsində çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilə bilər.

COVID-19 testinin keçirilməsi də profilaktik tədbirdir. Sahibkar tərəfindən həmin testlə bağlı çəkilən xərclər qanunla müəyyənləşdirilən qaydada sənədləşdirilirsə, məhdudiyyət qoyulmadan gəlirdən çıxılan xərcə aid edilə bilər”.