Ötən il vergi daxilolmaları üzrə proqnoz 102,7 faiz icra edilib

2021.02.12 13:55 (UTC+04:00)

2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 7,4 milyard manat təşkil edib.

Vergi daxilolmaları üzrə illik proqnoz 102,7 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 103,9 faiz icra olunub.

Bu barədə fevralın 12-də “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilən konfransda Dövlət Vergi Xidməti rəisinin müavini, xidmət rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli deyib.
O qeyd edib ki, ümumi daxili məhsulun (ÜDM) həcminin azaldılması şəraitində daxilolmaların ÜDM-də xüsusi çəkisi artaraq 10,2 faiz olub.

Xidmət rəsmisi, həmçinin diqqətə çatdırıb ki, ötən il dünya enerji bazarlarında müşahidə edilən qiymət enişləri, habelə hasilatın azalması fonunda neft-qaz sektoru üzrə daxilolmalarda 20,6 faiz azalma qeydə alınıb. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına kompensasiya edilib. Keçən ilin nəticələrinə görə, bu sektordan daxilolmalar 3,3 faiz artaraq 5,6 milyard manat təşkil edib.