Kriptovalyutalar üçün karbon vergisinin tətbiqi təklif olunub

2021.02.12 14:16 (UTC+04:00)

“Bitcoin”in qiymətinin son bir ildə yeddi dəfədən çox artması, xüsusilə “Tesla” şirkətinin 1,5 milyard dollar həcmində “bitcoin” alması bu kriptovalyutaya marağın kəskin şəkildə artması ilə nəticələnib. Bununla yanaşı, “bitcoin” üçün sərf edilən enerjinin ətraf mühitə zərərləri də gündəliyə gətirilib. Məlum olub ki, texnoloji qurğuların “bitcoin” yaratmaq üçün sərf etdikləri enerji Argentinanın enerji tələbatından çoxdur.

Kembric universiteti mütəxəssislərinin hesablamalarına görə, “bitcoin” istehalçıları ayrıca bir ölkə olsaydı, həmin ölkə dünyanın ən çox enerji istehlak edən 30-cu ölkəsi olacaqdı.
Bu sahənin nüfuzlu mütəxəssisi Deyvid Cerard virtual bir pul vahidi üçün bu qədər elektrik enerjisi sərfiyyatının ətraf mühitə karbon qazının atılmasında əhəmiyyətli bir artıma yol açdığını vurğulayıb: “İlon Mask şirkətinin “bitcoin”ə sərmayə qoyması ilə “Tesla” avtomobilinin enerjidə dönüş istiqamətində gördüyü bir çox faydalı işləri zibilliyə atdı. Onun bundan geri addım atacağına isə əmin deyiləm.

“Tesla” 2020-ci ildə vergi ödəyicilərinin pulu ilə 1,5 milyard dollarlıq ətraf mühit subsidiyası almışdı. Bunun qarşılığı olaraq bir hissəsi kömürlə işləyən stansiyalardan alınan elektriklə istehsal olunan “bitcoin”ə eyni miqdarda pul yatırmağa qərar verdi. Bu subsidiyanın nəzərdən keçirilməsi lazımdır”.

Deyvid Cerard kriptovalyuta vahidlərinin yaradılmasından ətraf mühitə böyük həcmdə karbon atıldığına görə bu valyutalara karbon vergisinin tətbiq olunmasını tövsiyə edib.