Sahibkarlara fərdi xidmət göstəriləcək

2021.02.10 13:42 (UTC+04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubu çərçivəsində sahibkarlarla onlayn görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 50-dən çox şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə qeyri-neft-qaz məhsullarının ixracının artırılması, sahibkarlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, iş adamlarına fərdi yanaşmanın tətbiqi barədə fikir mübadiləsi aparılıb.

AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev tətbiq ediləcək yeni iş prinsipləri barədə məlumat verib, fond tərəfindən sahibkarlara ixracın təşviqi və həcminin artırılması məqsədilə daha geniş xidmətlərin göstəriləcəyini bildirib. O, sahibkarları Azərbaycan məhsullarının xarici bazarlarda satışının artırılması istiqamətində sıx əməkdaşlığa dəvət edib.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib, müzakirələr aparılıb.