Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar ayında 3,6 milyard manatlıq və ya 2020-ci ilin müvafiq ayı ilə müqayisədə 3,4 faiz az sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 12,8 faiz artıb.
Sənaye məhsulunun 29,2 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,4 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,9 dəfə, tütün məmulatlarının istehsalı 2,9 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 97 faiz, elektrik avadanlıqlarının istehsalı 96,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 29,1 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz, kağız və karton istehsalı 21,4 faiz, tikinti materiallarının istehsalı 21,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 10,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,1 faiz, içkilərin istehsalı 4,8 faiz, qida məhsullarının istehsalı 3 faiz artıb.
Avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1,9 faiz, geyim istehsalı 10,3 faiz, neft məhsullarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, mebel istehsalı 46,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 53,4 faiz, poliqrafiya məhsullarının istehsalı 60,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz azalıb.