"OPEC+" ölkələrinin öhdəliklərə əməl etməsi, Səudiyyə Ərəbistanının hasilatı gözlənildiyindən daha çox aşağı salması qlobal neft təklifini də azaldıb. Bu isə bazardakı tarazlığa təsir göstərərək qiymətin artmasına səbəb olub.
Digər tərəfdən, peyvəndləmə səviyyəsinin yüksəlməsi pandemiyanın miqyasının minimallaşacağı ilə bağlı ümidlər yaradıb. Bu isə investorların neft bazarına marağını artırıb. Pandemiyanın lokallaşdırılması yenidən real sektorun canlanmasına və neftə tələbin artmasına şərait yarada bilər. Ən böyük neft istehlakçısı olan ABŞ-dakı sonuncu dəstək paketi də ölkədə iqtisadi canlanma ilə bağlı proqnozları gücləndirib ki, bu da neft bazarına təsirsiz ötüşməyib.
Gündəlik 688,8 min barel neft ixrac edən Azərbaycan üçün dünya bazarında neftin qiymətinin yüksəlməsi ölkəyə daxil olan valyutanın həcminin artması baxımdan böyük əhəmiyyət kəsb edir. 2021-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 35 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olacağı təqdirdə Dövlət Neft Fonduna daxilolmalar artacaq və valyuta ehtiyatlarımız çoxalacaq".