Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Müsabiqəyə sənədlərin qəbulu fevralın 17-dən martın 18-dək həyata keçiriləcək. Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını (https://bit.ly/3cS3v8I) və lazım olan digər sənədləri martın 17-dək elektron ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) təqdim etməlidir. Müsabiqənin nəticələri barədə məlumat aprelin 19-dan sonra KOBİA-nın rəsmi internet səhifəsində- www.smb.gov.az yerləşdiriləcək. Ətraflı məlumatı (+994 12) 404 04 01 nömrəsindən, 131 Çağrı mərkəzindən və ya bu linkdən http://bit.ly/36WhTcq əldə etmək mümkündür.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək.
Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, startap layihələrinin dəstəklənməsi, sahibkarların fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi və araşdırılması, bu istiqamətdə təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, KOB sahəsində elmi biliklərin tətbiqi və sair baxımından əhəmiyyətli olacaq.