Azərbaycanda həyata keçirilən iqtisadi islahatların məqsədi əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, səmərəli istehsal üçün şərait yaratmaqdan ibarətdir.
Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi ilə bağlı Sərəncamı və bu sənəddən irəli gələn tələblər ölkəmizin sürətli inkişaf yolunda daha da inamla irəliləməsinə təkan verəcək. Yeni dövrün tələblərinə uyğun aparılan sosial-iqtisadi siyasət xətti ölkənin dinamik inkişafını, eyni zamanda, əhalinin maddi rifah halını yüksəldilməsini təmin edəcək. Azərbaycan iqtisadiyyatının bütün sahələrinin sürətli inkişafı, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, təkmil idarəetmə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, yeni iş yerlərinin açılmasına imkan verəcək.
Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” regionların sosial-iqtisadi inkişafını təmin etməklə, qeyri-neft sektorunu daha da möhkəmləndirməklə, iqtisadiyyatın neftdən asılılığını azaltmaqla əyalətlərdə sahibkarlıq fəaliyyətini nəzərəçarpacaq dərəcədə genişləndirəcək.
Deputatın sözlərinə görə, Azərbaycan bölgədə böyük infrastruktur layihələrini uğurla reallaşdıran ölkə kimi tanınır. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinin ötən 5 ildə mühüm nəticələr verdiyini bildirən M.Cəfərov deyib: “Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar da ölkənin davamlı inkişafına yönəlmiş sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır.
“Azərbaycandakı yerli və xarici sahibkarların etibarlı himayədarına çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub, sahibkarlığın inkişafına diqqət daha da artırılıb. Kiçik və orta sahibkarlığın güzəştli kreditlər hesabına maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, pandemiya dövründə onlara dəstəyin göstərilməsi, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılıb”, - deyə Müşfiq Cəfərov vurğulayıb.
Azərbaycanda iqtisadiyyatın, o cümlədən regionların daha sürətli tərəqqisində mühüm rolu olan sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradıldığını deyən deputat qeyd edib: “Dövlətimizin başçısı da qeyd etdiyi kimi, özəl sektorun inkişafı diqqətdə saxlanılır. Özəl sektorun inkişafı üçün böyük həcmdə kreditlər, güzəştli şərtlərlə kreditlər ayrılıb, sahibkarlığın inkişafına böyük dəstək verilib və bu dəstək davam etdirilir”.
“Vətən müharibəsində Qələbəmizdən sonra regionda yeni siyasi və iqtisadi mənzərə formalaşıb”, - deyən M.Cəfərov bildirib ki, bu gün ölkəmizin qarşısında duran əsas vəzifə təkcə neft-qaz sektoru ilə bağlı deyil, həmçinin qeyri-neft sektorunu daha da inkişaf etdirməkdir. Eyni zamanda, qarşıya iqtisadiyyatı şaxələndirmək, dünya bazarlarında mövqeyini möhkəmlənmək, Azərbaycan brendini dünyaya tanıtmaq, neft amilindən asılılığı daha da azaltmaq, xalqın rifah halını daim yaxşılaşdırmaq, yeni yerli və mühüm beynəlxalq transmilli layihələri icra etmək və beləliklə, uzunmüddətli inkişaf üçün daha güclü zəmin yaratmaq, iqtisadi və siyasi müstəqilliyi uzunömürlü etmək kimi məqsəd qoyulub.
“Hazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. İqtisadiyyatımızın inkişafı ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi Azərbaycanın geosiyasi mövqelərini daha da möhkəmləndirir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.