KOBİA Gənclər Təşkilatları Milli Şurası ilə əməkdaşlıq imkanlarını müzakirə edib

2021.02.06 16:05 (UTC+04:00)

Gənclər arasında sahibkar düşüncə tərzinin təşviqi, biznesin qurulması və inkişafı üçün KOB subyektlərinə, o cümlədən gənclərə müxtəlif dəstək və xidmətlərin göstərilməsi istiqamətində Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişaf Agentliyindən bildirilib ki, NAYORA, KOBİA və strukturuna daxil olan KOB inkişafı mərkəzlərinin (KOBİM-lər) nümayəndələrinin iştirakı ilə təşkil olunmuş onlayn görüşdə gənclər arasında sahibkarlığın təşviqinin və gənclərin biznesə cəlb edilməsinin agentliyin prioritet fəaliyyət istiqamətlərindən olduğu, bu sahədə agentlik tərəfindən görülən işlər və dəstək mexanizmləri barədə məlumat verilib. Qeyd edilib ki, KOBİM-lər tərəfindən gənclər arasında sahibkarlığın təşviqi, biznesin qurulması və mövcud bizneslərini genişləndirmələri üçün dəstək və xidmətlər göstərilir. Bu mərkəzlərdə təşkil edilən təlim və seminarlar, biznes planın hazırlanmasına göstərilən dəstək, məsləhət, şəbəkələşmə və digər xidmətlər gənclərin biznes sahəsində savadlığının artırılmasında və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində faydalıdır. Gənclər sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər üçün KOB inkişafı mərkəzlərinə müraciət edə bilərlər.
Onlayn tədbirdə gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi, gənclərin sahibkarlığa marağının artırılması, biznes fəaliyyətinə başlaması, yaradıcı təşəbbüs və layihələrinin reallaşdırılmasına dəstək göstərilməsi və digər məsələlərdə fikirlərinin öyrənilməsi üçün mütəmadi olaraq gənclər təşkilatları ilə birgə belə tədbirlərin təşkil olunması barədə razılıq əldə edilib.