Ezamiyyə xərclərinin normalarında dəyişiklik olunub

2021.02.11 14:17 (UTC+04:00)

Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarında müəyyən edilmiş bu normaları hökumət hər il redaktə edərək dövlət büdcəsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırır.

Qərarda gündəlik ezamiyyə xərclərinin normaları dəyişməz qalıb: Bakı şəhəri - 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan - 70 manat, ölkənin qalan şəhərləri və kəndləri - 65 manat. Əsas dəyişiklik ezamiyyə xərclərinin tanınmasına yanaşmada baş verib. 25 yanvar 2008-cü il tarixli 14 saylı Qərarın 1-ci bəndinə görə gündəlik ezamiyyə xərcləri normasının (ölkə daxilində) 80 faizini mehmanxana xərcləri təşkil edir. Yeni dəyişikliyə görə, bu xərcləri təsdiq edən sənəd təqdim edilmədikdə xərclərin yalnız 50 faizinin ödənilməsinə icazə verən Qərarın 1-1-ci bəndi ləğv edilib.

Qeyd etdiyimiz kimi, Vergi Məcəlləsinin 109.7-ci maddəsi ezamiyyə xərclərinin "müvafiq icra hakimiyyəti orqanı" nın, yəni Nazirlər Kabinetinin təsdiq etdiyi normadan artıq hissəsini gəlirdən çıxmağı qadağan edir. Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı Qərarında (maddə 1) ezamiyyə xərcləri normaları açıq şəkildə göstərilib.

Qərarın 4-cü bəndində ezamiyyə xərclərinə daxil olan xərclər sadalanır: gündəlik xərclər, otel xərcləri, rabitə, şəhərlərarası nəqliyyat və s.

Ezamiyyətdə olarkən bu bənddə göstərilən hər hansı xərc üçün təsdiqedici sənədlər, məsələn, kafedən qəbz, yaxud şəhərdaxili avtobus biletləri tələb edilirmi? Əlbəttə, yox.

İşçidən yalnız mehmanxana xərclərini təsdiq edən sənədlər tələb edilirdi. Həmin sənədlər olmadıqda isə Qərarın 1-1 bəndinə əsasən, norma 50 faiz azaldılırdı. İndi bu tələb ləğv edilib. Deməli, mehmanxana xərcləri təsdiqedici sənədlərin təqdim olunub-olunmasından asılı olmayaraq tam şəkildə (norma daxilində) gəlirdən çıxılmalıdır.

Ezamiyyə xərclərini təsdiq edən sənədlərin təqdim edilməsi ilə əlaqədar yeganə tələb Qərarın 5-ci bəndində mövcuddur - nəqliyyat xərcləri yalnız təqdim edilən sənədlər əsasında tanınır. Mehmanxana xərcləri üçün hər hansı bir sənəd tələb olunsaydı, Qərarın mətninə bu barədə ayrıca bir bənd daxil edilərdi.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin internet saytında bu məsələ ilə bağlı verilən rəsmi açıqlama (https://nk.gov.az/az/article/1368/) bu yanaşmanı təsdiq edir.

Fəxriyyə İKRAMQIZI