Azərbaycan-Almaniya onlayn biznes görüş keçiriləcək

2021.02.05 16:14 (UTC+04:00)

Fevralın 24-25-də ölkələrimiz arasında iqtisadi əlaqələri genişləndirmək məqsədilə Azərbaycan-Almaniya onlayn biznes görüş keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (“AHK Azərbaycan”) bildirilib ki, Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə ölkəmizdə neft və qaz sənayesində proses mühəndisliyi sahəsi üzrə alman sahibkarlarından ibarət nümayəndə heyəti Azərbaycana virtual işgüzar səfər edəcək. Səfər çərçivəsində qaynaq və kəsmə texnologiyası, qaz təzyiqi tənzimləyiciləri, təhlükəsizlik klapanları və sistemləri, plastik və alüminium komponentlərin istehsalı, scaffolding sistemləri, bütün sənaye sahələri üçün LED lampaların istehsalı və təhlükəsizliklə bağlı avtomatlaşdırma həlləri sahələri üzrə fəaliyyət göstərən alman şirkətləri ilə onlayn ikitərəfli biznes görüşləri baş tutacaq.

Alman şirkətləri, eyni zamanda, Azərbaycanda neft və qaz sənayesindəki şirkətlər üçün məsləhət və idarəetmə həlləri təklif edəcəklər.