Yeni konsepsiyanın əsas hədəfi iqtisadiyyatın neftdən asılılığını azaltmaqdır

2021.02.05 15:50 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bildirib ki, qarşıdakı yeddi ay müddətində yeni strategiya layihəsi hazırlanıb başa çatdırmalıdır. Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlanacaq sənəd milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq: “Strategiya hazırlandıqdan sonra konkret istiqamətlər üzrə fəaliyyətlər elan ediləcək. Həmin fəaliyyətlərin səmərəliliyinin ölçülməsi üçün konkret bençmarkların hazırlanmasına da ehtiyac olacaq. Vacib məqamlardan biri də işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir.

Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu amilə əsaslanan konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Qarşıdakı mərhələdə dövlət büdcəsində Neft Fondundan transfertin payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir. Fiskal gəlirlərin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir. Bu həm də qiymətlərin aşağı və sabit olmasına təminat yarada bilər.

Yeni yaradılmış komissiya növbəti beş ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirəcək. Bu illərin Böyük Qayıdış dövrü də olacağını nəzərə alsaq, qarşıdakı zamanı kifayət ciddi strateji müddət adlandıra bilərik”.