Azərbaycanda avtomobil istehsalı genişlənir

2019.02.26 17:41 (UTC+04:00)

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Neftçala Sənaye Məhəlləsindəki "Khazar" avtomobil zavodunda ötən il 1.000-dən çox avtomobil istehsal edilib və onların 95 faizi satılıb. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulan zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutu ilə təchiz olunmuş "Peugeot Khazar" avtomobillərinin istehsalına da başlanılıb. "Khazar" zavodunun avtomobilləri "Avro-5" və beynəlxalq təhlükəsizlik standartlarına uyğun istehsal edilir və onların xaricə icracı da planlaşdırılır.

Bundan başqa, Azərbaycanda daha bir avtomobil zavodunun inşasına başlanılıb. Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində zavodun təməli qoyulub. Burada kommersiya və xüsusi təyinatlı avtomobillər istehsal ediləcək. Zavod Azərbaycanın "Azərmaş" ilə Rusiyanın "Qaz Qrup" şirkətinin birgə layihəsidir. Burada kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manatdır. Zavodun illik istehsal gücü 1.000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda "Qazel", "Qazel Biznes", "Qazel Next" avtomobillərinin modelləri və xüsusi təyinatlı texnika istehsal ediləcək.