“Sərhəddə ticarət” işçi qrupunun cari il üçün fəaliyyət planı müzakirə olunub

2021.02.04 17:56 (UTC+04:00)

Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun onlayn formatda iclası keçirilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr bildirilib ki, işçi qrupunun rəhbəri, komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun sədrliyi ilə keçirilən iclasda Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, komitənin Baş İdarə və idarə rəisləri, İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Milli Elmlər Akademiyasının, Qida Təhlükəsizliyi Agentliyinin, eləcə də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının, konsaltinq şirkətlərin nümayəndələri, gömrük təmsilçiləri iştirak ediblər. İclasda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət” işçi qrupunun 2021-ci il üçün fəaliyyət planı müzakirə olunub.

İ.Hüseynov ilk olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi, tarixi zəfərimiz münasibətilə iştirakçıları təbrik edib. O, 2020-ci ildə görülən işlərin nəticəsi olaraq Dünya Bankının son audit açıqlamalarına əsasən ölkəmizin 6 pillə irəlilədiyini, xüsusilə “Sərhəddə ticarət” indikatoru üzrə nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Yeni fəaliyyət planından danışan işçi qrupunun rəhbəri bildirib ki, idxal-ixrac əməliyyatları zamanı sənəd sayının azaldılması, vaxt və vəsait itkisinin aradan qaldırılması məqsədilə bir sıra tədbirlər müəyyənləşdirilib. İ.Hüseynov qarşıya qoyulan məqsədlərə nail olunması üçün təmsilçilik institutunun inkişafına, rəqəmsallaşmanın təşviqinə xüsusi önəm verildiyini vurğulayıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Bildirilib ki, cari ildəki fəaliyyət planında “Elektron pəncərə” sisteminin funksional diaqnostikasının aparılması və yaradılması, idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi ilə əlaqədar informasiya mübadiləsi və informasiya sistemlərinin inteqrasiyası zəruri olan aidiyyəti qurumların siyahısının müəyyənləşdirilməsi, lisenziya və icazələrin təqdim olunması istiqamətində inteqrasiya məsələlərinin yekunlaşdırılması kimi vacib məsələlərin yerinə yetirilməsi nəzərdə tutulub. Qeyd olunub ki, bu da ticarətin asanlaşdırılması və sərhədkeçmə əməliyyatlarına sərf olunan müddət və xərclərin azaldılmasına təsir göstərən mühüm amillərdir.

Sonra Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri V.Şıxəliyev çıxış edərək iclasda özəl sektorun nümayəndələrinin, gömrük təmsilçilərinin iştirakını yüksək qiymətləndirib və bunun dövlət-biznes dialoqunun inkişafının nümunəsi olduğunu bildirib. V.Şıxəliyev idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və sürətləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıb, gələcəkdə bu sahədə daha uğurlu nəticələrin əldə olunması üçün, xüsusilə özəl sektorun nümayəndələrini müzakirələrdə daha fəal olmağa çağırıb.

DGK sədrinin müavini C.Qasımov sərhədkeçmə proseslərinin sadələşdirilməsi, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük orqanları tərəfindən görülən işlərdən bəhs edib. O, gömrük əməliyyatlarının həyata keçirilməsi zamanı vaxt və vəsait itkisinin minimuma endirilməsi üçün gömrük orqanları tərəfindən tətbiq edilən “məcburi qərarlar” sisteminin sahibkarların işinin asanlaşdırılması, xüsusilə gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirməsi baxımından faydalarından danışıb. Qeyd olunub ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra tranzit imkanlarımız daha da genişlənəcək, ölkəmizin üzərindən daşınacaq yüklərin həcmi sürətlə artacaq və bu da gömrük-keçid məntəqələrinin potensialının artırılmasını, müasir üsul və yanaşmaların tətbiqini zəruri edir.
Daha sonra işçi qrupunun fəaliyyət planının bəndləri üzrə müzakirələr aparılıb, təklif və rəylər dinlənilib.