Gənclərə biznes ideyalarını reallaşdırmaq üçün yeni imkanlar yaradılır

2021.02.04 17:21 (UTC+04:00)

Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Gənclərin dayanıqlı məşğulluğu proqramı” çərçivəsində ilk layihəyə – “Biznesini yarat marafonu”na start verilir.

Fonddan bildiriblər ki, layihənin məqsədi işsiz və işaxtaran gənclərin biznes ideyalarını reallaşdırmalarına, məşğulluq imkanlarına yiyələnmələrinə özünüməşğulluq proqramı vasitəsilə dəstək olmaqdır.

Marafona qoşulmaq üçün 18-29 yaşlı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb-saytında (www.gənc.az) və ya “GencAPP” mobil tətbiqində yerləşdirməlidir. Bu ideyalar qiymətləndirmə komissiyası tərəfindən dəyərləndirildikdən sonra biznes ideyası uyğun hesab edilən gənclər təlimə cəlb olunacaqlar.

Təlimi uğurla başa vuran 300-dək gəncə ideyalarını reallaşdırmaq üçün Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək. Layihənin icrası zamanı Vətən müharibəsində iştirak etmiş, müharibədən zərər çəkmiş, habelə şəhid ailəsinin üzvü olan, işsiz və işaxtaran, ixtisası və peşəsi olmayan, əmək qabiliyyətli əlilliyi olan gənclərə üstünlük veriləcək.

Videomüraciətlərin qəbulu prosesi martın 1-dək davam edəcək.