Fevralın 6-da İran Ticarət, Sənaye və Mədənçilik Palatasının təşkilatçılığı ilə “İran-Azərbaycan ticarət potensialı və imkanlar” mövzusunda videokonfrans keçiriləcək.
Palatadan verilən xəbərə görə, tədbirə palatanın rəhbəri Hüseyn Pir-Moazzen, İranın digər vilayətlərində fəaliyyət göstərən ticarət palatalarının nümayəndələri və iki ölkə arasında ticarətdə fəal iştirak edən iş adamları və biznes strukturlarının nümayəndələri qatılacaqlar.
Konfransda ikitərəfli ticarətin artırılması imkanları, biznesin qarşılaşdığı risklər və problemlər, regional inkişaf, əməkdaşlıq imkanları və iki qonşu dövlət arasında ticarət və maliyyə əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunacaq.
Qeyd edək ki, İranın sənaye, mədənçilik və ticarət naziri Əlirza Rəzm-Hüseyni Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədini Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi üzrə yaradılan işçi qrupunun rəhbəri vəzifəsinə təyin edib.