Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayonda 1 milyon 147 min 834 nəfərə tibbi xidmət göstərilib

2021.02.04 12:17 (UTC+04:00)

Dövlət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə səhiyyə sahəsində aparılan islahatların ən əhəmiyyətlisi icbari tibbi sığortanın ilkin mərhələdə ölkə üzrə tətbiqinə başlanılması olub. İlkin hesablamalara görə, 2020-ci ildə icbari tibbi sığortanın tətbiq edildiyi 23 şəhər və rayonda 1 milyon 147 min 834 nəfərə, xidmətlər zərfi çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına 8 milyon 339 min 508 sayda tibbi xidmət göstərilib.

Dövlətimiz ilkin mərhələdə bütün xərcləri öz üzərinə götürüb və həmin ərazilərdə sığorta haqqı toplanılmayıb. Bu dövlətimiz tərəfindən aparılan sosialyönümlü islahatın və əhaliyə göstərilən qayğının bariz nümunəsidir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.

“İcbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artması təcili və təxirəsalınmaz tibbi yardım çağırışlarının ümumi sayında da öz əksini tapıb. Belə ki, 2019-cu il ilə müqayisədə ötən il təcili və təxirəsalınmaz tibbi yardım çağırışları 82 faiz artıb”, - deyə Z.Əliyev bildirib.