Ötən il “Azəri-Çıraq-Günəşli”də hasilat 175 milyon barel olub

2021.02.04 11:15 (UTC+04:00)

2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat 175 milyon barel, yəni 23,6 milyon ton olub.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Ötən il AÇG-dən ümumi hasilat – “Çıraq” (34,9 min), “Mərkəzi Azəri” (113,2 min), “Qərbi Azəri” (118,9 min), “Şərqi Azəri” (64,2 min), “Dərinsulu Günəşli” (95,4 min) və “Qərbi Çıraq” (50,4 min) platformalarından birgə gündəlik orta hesabla 477 min barel təşkil edib.

İlin sonuna AÇG-də ümumilikdə 127 neft hasilat, 45 su və 8 qaz injektor quyusu istismarda olub. Keçən il blokda 11 neft hasilat və 2 suvurma quyusu qazılıb.
2020-ci ildə AÇG layihəsinə təqribən 531 milyon dollar əməliyyat və 1 milyard 817 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz, “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, TPAO 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.
Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.