Yeni layihəyə start verilib

2019.02.26 15:25 (UTC+04:00)

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni layihəyə - "Video icmal"ın təqdimatına başlayır. Məqsəd ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların daha vizual, daha anlaşıqlı təqdim olunması məqsədini daşıyır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi mütəmadi olaraq islahat proseslərinin məzmununu infoqrafik, vizual video təqdimatlar vasitəsilə izahlı şərh edir. Bu təqdimatlar Azərbaycanın telekanallarında, sosial şəbəkələrdə və digər onlayn resurslarda yayımlanır və islahatlara dair aparılan maarifləndimə işlərinə dəstək olur. "Video icmal"ın ilk təqdimatı Azərbaycan Prezidentinin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası"na əsasən hazırlanmış elektron müraciət sisteminə həsr olunub. Videoda sistemə girişdən başlayaraq, müraciətin hazırlanması, sənədlərin siyahısı və icra müddəti barədə ətraflı məlumatlar təqdim edilib.

Qeyd edək ki, 2017-ci ildən etibarən iki - "İxrac icmalı" və "İslahat icmalı" hazırlanaraq onlayn qaydada mütəmadi yayılması təmin edilir. "İxrac icmalı" qeyri-neft sektoru üzrə ixraca və "Azexport" portalına daxil olan ixrac sifarişlərinə dair məlumatları əks etdirir, "İslahat icmalı" isə islahatlarla bağlı qəbul edilən prezident fərmanları və sərəncamları, habelə dövlət proqramları barədə ətraflı məlumat və şərhləri diqqətə çatdırır.