Qlobal xam neft tələbatının pandemiyadan əvvəlki səviyyəyə qayıdacağına dair müsbət proqnozlar artmaqdadır.
Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” qlobal neft tələbatının cari ilin sonunda pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.
“OPEC+”dən edilən açıqlamada isə neft bazarlarındakı həddən artıq tədarükün bu ilin ortalarına qədər pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı bildirilib.
Hazırda dolların zəifləməsi dollarla ticarət olunan əmtəələrin qiymətlərini daha cəlbedici edib. “Royal Dutch Shell”in Şimal dənizi neftinə olan tələbatı ilə fiziki bazarların da güclənəcəyinə dair əlamətlər artmaqdadır.
Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, cari ildə qlobal neft tələbatı əvvəlki ilə görə 6 faiz artaraq gündəlik 96 milyon 600 min barrelə çatacaq. Sutkalıq tələbatın 35 milyon 900 min barreli Asiya-Sakit Okean bölgəsində, 30 milyon barreli Amerika qitəsində, 14 milyon barreli isə Avropada formalaşacaq.
Agentlik bu ilin ilk rübü üzrə neft istehlakı ilə bağlı proqnozunu sutkada 600 min barrel azaldıb. 2021-ci ilə dair tələbat proqnozu isə gündəlik 300 min barrel azaldılıb. Cari ildə qlobal neft istehlakının keçən ilə nisbətən gündəlik 5,5 milyon barrel artacağı proqnozlaşdırılır.
OPEC isə 2021-ci ildə qlobal xam neft tələbatının ötən ilə görə 5 milyon 900 min barrel (6,5 faiz) artaraq sutkada 95 milyon 910 min barrel təşkil edəcəyini gözləyir. OPEC-ə üzv ölkələrin neft tələbatı keçən ilə nisbətən 5 milyon barrel çoxalaraq gündəlik 27 milyon 200 min barel olacaq.
Xatırladaq ki, 2020-ci ildə qlobal neft tələbatı sutkada 8,8 milyon barrel geriləyib.