"İşğaldan azad edilmiş rayonlarımızın bərpası sistemli şəkildə aparılacaq. Ölkə Prezidentinin tapşırığına əsasən, birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşacaq.
İşğaldan azad edilmiş ərazilərimizin bərpası zamanı müasir standartlar tətbiq olunacaq və həmin rayonların inkişaf modeli sonradan digər ərazilərimizə transfer ediləcək. Ölkə Prezidentinin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərdə yaradılacaq xüsusi idarəetmə strukturu səmərəli və operativ idarəetmənin həyata keçirilməsinə və neqativ halların qarşısının alınmasına xidmət edəcək. Artıq bir sıra iri infrastruktur layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanın tikintisi və Şuşa şəhərinə avtomobil yolunun çəkilməsi ilə bağlı işlərə başlanılıb, elektrik təminatı işləri görülür. Deməli, işğaldan azad olunmuş ərazilərimizə həyatın qayıdacağı gün uzaqda deyil".