Ötən il paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 29,7 milyard manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 74,6 faizi mədənçıxarma, 22,5 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,7 faiz olub.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında yanvarın 1-nə 343,9 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 91,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.