Argentinada "milyoner vergisi" tətbiq olunacaq

2021.02.03 13:31 (UTC+04:00)

Hökumət COVID-19 pandemiyası ilə mübarizədə istifadə edilən tibbi ləvazimatları almaq və iş yerlərinin saxlanılmasına dəstək vermək üçün zəruri olan pulun ölkənin zəngin vətəndaşlarından alınması ilə bağlı qərar verib.

"Milyoner vergisi" adlanan birdəfəlik yığım çərçivəsində 200 milyon pesodan (2,3 milyon dollar) artıq sərvəti olan vətəndaşlar ölkə daxilindəki sərvətlərinin 3 faizini, xaricdəki sərvətinin isə 5 faizini dövlətə verəcək.

Hökumətin hesablamalarına görə, 12 min şəxsi əhatə edən bu vergi sayəsində dövlət büdcəsinə 3 milyard dollar əlavə vəsait cəlb etmək mümkün olacaq.

Qeyd edək ki, pandemiyanın yayılmasından əvvəl də iqtisadi problemlərlə üzləşən Argentinada koronavirus pandemiyası vəziyyəti daha da gərginləşdirib: əhalisinin 40 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı ölkədə işsizlik 11 faiz təşkil edir.