2020-ci ildə qızıl və gümüş satışından iqtisadiyyata 186,5 milyon manat cəlb edilib

2021.02.02 11:17 (UTC+04:00)

Ötən il ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl (349,5 milyon manat) birinci olub. Sevindirici haldır ki, bu uğurda “AzerGold”un böyük rolu var. Keçən il QSC-nin dünya bazarlarına çıxardığı qızıl və gümüşün həcmi artıb.
Bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də 2020-ci ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.
Z.İbrahimov qeyd edib ki, ötən il 59,4 min unsiya qızıl, 119,4 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına ümumilikdə 186,5 milyon manat məbləğində vəsait cəlb edilib. Ümumi gəliri ötənilki göstəricilərlə müqayisə etsək, 41,5 milyon manat və ya 29 faiz artım qeydə alınıb.