Azərbaycan Respublikasının iqtisadi sahədə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərindən biri "kölgə iqtisadiyyatı"na qarşı mübarizədir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi mövzunun kifayət qədər aktual olduğunu nəzərə alaraq 9 iyul 2020-ci il tarixdə Zabaykal Dövlət Universitetinin İqtisadiyyat, İdarəetmə və Sahibkarlıq Ali Məktəbi ilə birlikdə onlayn rejimdə Rusiya, Çin, Tailand və Özbəkistanı təmsil edən tədqiqatçıların qoşulduğu "Cəmiyyət yeni çağırışlar şəraitində" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirmişdir.
Bu günlərdə Zabaykal Dövlət Universitetinin nəşriyyatında DVX-in Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımovun və Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin xarici ölkə alimlərin həmmüəllifliyi ilə "Kölgə iqtisadiyyatı"na qarşı mübarizə və onun miqyaslarının müəyyənləşdirilməsi: yerli və xarici təcrübə (nəzəriyyə və praktika)" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya ingiliscə xülasələr ilə rus dilində nəşr edilmişdir.
Birgə layihənin məhsulu olan monoqrafiyada gizli iqtisadiyyatın tədqiqinin nəzəri və metodoloji məsələləri işıqlandırılmış, gizli iqtisadiyyatın miqyasının müəyyən edilməsinin metodları nəzərdən keçirilmiş, "kölgə iqtisadiyyatı"na qarşı mübarizəyə dair elmi yanaşmalar təhlil edilmişdir.