Dolların kəskin dəyər itirəcəyi gözlənilmir

2021.01.29 12:22 (UTC+04:00)

Millət vəkili Vüqar Bayramov bu faktla bağlı bildirib ki, okeanın o tayında siyasi gərginliyin səngiməsi, yeni administrasiyanın elan etdiyi iqtisadi təşəbbüslər və pandemiyanın lokallaşacağı ilə bağlı nikbinlik fonunda qlobal valyuta bazarında stabilləşmə müşahidə olunmağa başlayıb. 2020-ci ilin ikinci yarısından etibarən səbət valyutalara, eləcə də avroya nisbətən dəyər itirən dolların məzənnəsində aparıcı pullara nisbətən cüzi də olsa möhkəmlənmə qeydə alınıb.

"Son proseslər göstərir ki, bir sıra beynəlxalq araşdırma qurumlarının bədbin proqnozlarına baxmayaraq dolların səbət valyutalara nisbətən kəskin dəyər itirəcəyi gözlənilmir. Hətta ABŞ-da 900 milyard dollarlıq yardım paketinin təsdiqi də dolların kəskin ucuzlaşmasına səbəb olmadı. İnkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dolların ucuzlaşması inandırıcı deyil. Yenə də qlobal ehtiyatların 60 faizindən çoxu ABŞ dollarında saxlanılır. Praktik olaraq, emissiyanın hansı məbləğdə olmasından asılı olmayaraq qlobal bazarda investorların dollara inamı yüksək olaraq qalmaqdadır".

V.Bayramov əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı manatın dollara nisbətən mövcud məzənnəsini qoruyub saxlamağı hədəfləyib. 2020-ci ilin mart ayında regionda dollara tələbin artması zamanı valyuta bazarında intervensiya göstərdi ki, Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin müəyyənləşdirilməsində həlledicidir.

Millət vəkili 2021-ci ildə də manatın aparıcı valyutalara nisbətən məzənnəsinin birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacağını vurğulayıb: "Son günlərədək dolların avroya nisbətən dəyərində azalmalar müşahidə olunsa da, bütövlükdə region ölkələri üçün bahalı valyuta ixrac imkanları baxımdan sərfəli hesab olunmur. Buna görə də 2021-ci ildə regionda milli valyutaların dollara nisbətən möhkəmlənməsi ehtimal olunmur".