Beynəlxalq Əmək Təşkilatının (BƏT) növbəti icmalında 2020-ci ildə pandemiyanın dünyada əmək bazarına sarsıdıcı zərbə vurduğu açıqlanıb.
Hesabata əsasən, 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 2020-ci il ərzində iş vaxtı itkisi 8,8 faiz olub, 255 milyon iş yeri itirilib. Bu, 2009-cu ildəki qlobal maliyyə böhranı dövrünün göstəricisi ilə müqayisədə təqribən dörd dəfə çoxdur.
Mövzunu şərh edən professor Elşad Məmmədov pandemiyadan sonra dünya iqtisadiyyatındakı böhranın əmək bazarında da əksini tapmasının gözlənilən olduğunu deyib. Onun fikrincə, dünya iqtisadiyyatında mövcud olan struktur böhran əmək bazarındakı böhranın da struktur məzmunlu olmasını şərtləndirir: “Biz görürük ki, bir sıra ixtisaslar və peşələr faktiki olaraq əmək bazarından sıxışdırılır, onların aktuallığı itir. Bu ağrılı proses kifayət qədər dərin və uzunmüddətli olacaq. Bununla yanaşı, iqtisadi maariflənmə baxımından da bizi yeniliklər gözləyir. Mikroiqtisadi səviyyədə mütəxəssislərin hazırlığı üçün, şübhəsiz ki, daha çevik, daha mobil təhsil sektoruna ehtiyac var. Hesab edirəm ki, bu məsələ təhsil menecmenti ilə məşğul olan insanların diqqətindən kənarda qalmamalıdır. Bütövlükdə əmək bazarının yenidən formalaşması prosesi dövlətin ciddi dəstəyi olmadan effektiv ola bilməz. Bu cür böhranlı şəraitdə iqtisadiyyatda dövlətin rolunun artırılması labüddür.
Təsadüfi deyil ki, bazar iqtisadiyyatının liberallaşmış iqtisadi sisteminin beşiyi hesab olunan ABŞ-da son il ərzində iqtisadi idarəetmə ilə bağlı baş verən proseslər, eyni zamanda ABŞ-ın yeni administrasiyasının irəli sürdüyü tezislər onu deməyə əsas verir ki, faktiki olaraq Amerikanın özündə belə bazar iqtisadiyyatının təməl prinsipləri silinməkdədir. Dövlətin iqtisadiyyatda müstəsna rolu təsdiqlənir. Dövlət xərcləri kəskin şəkildə artırılır. Məhz bunun hesabına ABŞ iqtisadiyyatı dayanıqlığını müəyyən mənada qoruya bilir.
Bu trendlərə reaksiya verməyən ölkələr kifayət qədər ciddi problemlərlə üzləşmiş olacaq. Sevindirici haldır ki, Azərbaycan son illərdə reallaşdırılan sosial yönümlü idarəetmə siyasəti ilə bir çox çağırışlara adekvat reaksiya verə bilir. Azərbaycanda əmək bazarının qorunması, əmək ehtiyatlarının məşğulluğunun təminatı ilə bağlı effektiv idarəetmə siyasəti həyata keçirilir. Əhalinin geniş təbəqələrinin sosial müdafiəsi prioritet təşkil edir. Son illər ərzində əmək və sosial müdafiə sahəsində aparılan institusional və kadr islahatları ölkədə keyfiyyətcə yeni yanaşmanın ortaya çıxamasını şərtləndirib. Bunun sayəsində ölkədə sosial müdafiə baxımından həm şəffaflıq güclənir, həm ədalət prinsipləri bərqərar olur, həm də sosial xərclər effektiv şəkildə artırılır ki, bu da əhali ilə dövlət qurumları arasında qarşılıqlı inamın qurulmasına şərait yaradır. Digər tərəfdən bunun çox böyük iqtisadi mənası var: alıcılıq qabiliyyətinin yüksəlməsi ilə daxili bazarın qorunmasına imkan qazanınıq. Bu da dayanıqlı və qabaqlayıcı inkişaf üçün Azərbaycana olduqca böyük potensial üstünlüklər verməkdədir. Ona görə də əmək bazarının qorunması, sosial müdafiənin idarəetmə baxımından prioritet təşkil etməsi, insan kapitalının inkişafı ilə bağlı məsələlər ölkənin iqtisadi həyatının prioritetlərini təşkil edir”.