Vergi orqanları yanvar ayında 80 milyon manatdan çox əlavə vəsait toplayıb

2019.02.25 15:53 (UTC+04:00)

Fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı keçirilmiş müşavirədə Prezident İlham Əliyev bildirib ki, təkcə bu ilin ilk ayında daxilolmalar kəskin artıb: "Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamışlar və ümumi daxilolmalar 105 milyon manat artmışdır, təkcə bir ay ərzində. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir".

Ölkə Prezidenti vurğulayıb ki, bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıb: "Onu da bildirməliyəm ki, bu ilin birinci ayında Dövlət Neft Fondunun gəlirləri də əhəmiyyətli dərəcədə artıb. Yəni bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Hələ keçən ilin sonunda və bu ilin əvvəlində demişəm ki, biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır".