İşğaldan azad olunmuş ərazilərdə xüsusi təşviq mexanizminin tətbiqi gözlənilir

2021.01.27 12:34 (UTC+04:00)

Nazirlər Kabineti işğaldan azad olunan ərazilərimizin bərpası və iqtisadi inkişafı üçün prioritetləri müəyyənləşdirib. Millət vəkili Vüqar Bayramov diqqəti Azərbaycan Prezidentinin tapşırığına əsasən, Qarabağ bölgəsində infrastrukturun formalaşması və fərqli sektortların inkişaf üçün yeni mexanizm və meyarların işləniləcəyinə yönəldərək qey edib ki, işğaldan azad olunan ərazilərimiz üçün kənd təsərrüfatı və turizmin prioritet sektorlar olacaq. “Bununla yanaşı, həmin ərazilərimizin sənaye potensialı da qiymətləndiriləcək. Bütün bunlar isə Böyük Qayıdış planları ilə əlaqələndirləcək”.

Qeyd edilib ki, işğaldan azad olunan rayonların inkişafı üçün həmin ərazilərdə xüsusi təşviq mexanizminin, sahibkarlar üçün vergi güzəştlərinin tətbiq ediləcəyi, eləcə də aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndiriləcəyi gözlənilir. “Müddətli vergi təşviqi daha çox özəl və xarici sərmayənin cəlbinə imkan yarada bilər. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə resurslarına əlçatanlığın əsas çətinliklərdən biri olduğunu nəzərə alsaq, yeni girov mexanizmi ilə aşağı faizli kredit təklifinin artırılmasına ehtiyac var. Nəzərə almaq lazımdır ki, girov şərtləri sərt olduğuna görə kommersiya banklarının kreditlərinin 80 faizi Bakı şəhərinin payına düşür. Bankların hər 100 manat kreditinin cəmi 20 manatı rayonlara yönəlir. İqtisadiyyat Nazirliyinin elektron kredit portalı ilə alınan məhsulun özünün girov olması vasitəsi ilə kredit təklifi mexanizminin tətbiqinə oxşar modeldən istifadə məqsədəuyğun olardı.

Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur. Bu mərhələdə işğaldan azad olunmuş torpaqlarımızın yalnız büdcə deyil, özəl mənbələr hesabına böyük iqtisadi potensialı reallaşacaq”.