Dördüncü sənaye inqilabı yeni texnologiyalar dövrüdür

2021.01.26 12:52 (UTC+04:00)

İndiyədək baş vermiş üç sənaye inqilabının tarixi və onların xarakterini fərqləndirən əsas cəhətlər tarixdə müxtəlif müəlliflər tərəfindən müxtəlif formalarda izah edilib. İndiki zamanda da bu məsələ ilə bağlı müəlliflərin fikirləri üst-üstə düşmür. Lakin bütövlükdə bu inqilablar əsas xarakterik cəhətlərinə görə təsnifləşdirilir. Birinci sənaye inqilabı 1760-cı illərdən başlayaraq XIX əsrin sonlarına qədər davam edib. Bu inqilab buxar maşınlarının kəşf edilməsi və parovozların meydana gəlməsi, dəmir yollarının salınması ilə tarixə düşüb. İkinci sənaye inqilabı öz başlanğıcını XIX əsrin sonlarından XX əsrin əvvəllərindən götürür: elektrik enerjisinin yayılması və istehsal proseslərinin konveyer üsuluna keçirilməsindən başlayıb ötən əsrin 60-cı illərinə qədər davam edib. Konveyer üsulunun tətbiqi ilə dünyada kütləvi məhsul istehsalına keçid bu inqilabın ən xarakterik xüsusiyyətlərindən idi. Sənaye inqilabının üçüncü mərhələsi XX əsrin 60-cı illərindən başladı və əvvəlki iki mərhələdən fərqli olaraq daha az yaşadı. Bu mərhələnin əsas cəhəti dünyada yarımkeçiricilərin sürətlə inkişafı ilə bağlıdır. Yarımkeçiricilərin meydana gəlməsi personal kompüterlərin kəşfinə imkan yaratdı. Bundan sonra internet şəbəkəsi yayılmağa başladı. Bütün bu yeniliklər istehsal proseslərini avtomatlaşdırmağa imkan verdi. Bu inqilabın mahiyyəti rəqəmsal texnologiyaların ortaya çıxması və onun bütün istehsal proseslərində istifadə olunmağa başlaması ilə bağlıdır. Bu gün dördüncü sənaye inqilabı nəticəsində meydana gəlmiş rəqəmsal texnologiyalar əvvəlki inqilablar dövründə yaranmış texnologiyalardan daha sürətlə yayılır.

Dördüncü sənaye inqilabı kiberfiziki sistemlərin istehsala tətbiqi deməkdir. Azərbaycan Prezidenti dünyada gedən bu inqilabi prosesə olduqca ciddi münasibət bəsləyir.

İstehsal proseslərinin dördüncü sənaye inqilabının son nailiyyətləri ilə sürətlə silahlandığı indiki məqamda bu prosesləri dərindən izləmək və baş verən yenilikləri ölkəmizin istehsal məkanına vaxtında gətirmək məqsədilə bu ilin yanvar ayının 6-da ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzaladı. Yeni yaradılan Mərkəz Azərbaycan Respublikası ilə dördüncü sənaye inqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirəcəkdir ki, bu da müasir dövrün ən başlıca tələblərindəndir.


Fəxriyyə İKRAMQIZI