İraqda ölkədaxili gömrük məntəqələri ləğv edilib

2019.02.25 16:47 (UTC+04:00)

Kərkük gömrük məntəqəsinin müdiri Camal Həsən mətbuata müsahibəsində İraq Nazirlər Kabinetinin ölkə ərazisində keçid əməliyyatlarının asanlaşdırılması və maneələrin aradan qaldırılması ilə bağlı qərarının qüvvəyə mindiyini bildirib. Qərara əsasən, ölkə ərazisindəki bütün daxili gömrük məntəqələrinin ləğv edildiyini bildirən C.Həsən bundan sonra gömrük vergilərinin sadəcə ölkənin sərhədlərində alınacağını vurğulayıb. Qeyd edək ki, İraq daxilində, xüsusilə kürdlərin idarə etdikləri ərazilərdə gömrük məntəqələrinin fəaliyyət göstərməsi ölkəyə ixrac edilən malların ikiqat vergiyə cəlb olunmasına şərait yaradırdı. İraq Nazirlər Kabineti bu problemin aradan qaldırılması üçün 2018-ci il noyabrın 21-də ölkənin bütün sərhəd keçidlərində vahid vergi tətbiq edilməsi barədə qərar vermişdi.