ABŞ Prezidenti Co Bayden federal qurumların Amerikada istehsal olunan malların satın alınmasına üstünlük verilməsi barədə sərəncam imzalayıb. O, sərəncamı imzalamazdan əvvəl çıxış edərək ABŞ iqtisadiyyatının gələcəyinin yerli istehsalla bağlı olduğunu söyləyib. İmzaladığı sərəncamla vergi ödəyicilərinin pullarının federal hökumət tərəfindən yerli mallara xərclənəcəyini vurğulayan Co Bayden deyib: “Yalnız zəruri milli təhlükəsizlik tələbləri, humanitar yardım və təcili ehtiyaclar istisna olmaqla, prioritetimiz Amerika malları olacaq”.
Prezident Co Bayden koronavirusa qarşı mübarizədə də ABŞ-ın öz qoruyucu vasitələrini istehsal etməsinin zəruriliyinə toxunaraq “COVID-19 epidemiyasının da bizə göstərdiyi kimi, bu ölkə bir daha ABŞ vətəndaşlarının qorunması üçün zəruri məhsulların tədarükündə başqa bir ölkədən asılı vəziyyətə düşə bilməz”, - deyib.