Azərbaycanın sığorta bazarı pandemiya dövründə

2021.01.27 10:35 (UTC+04:00)

Keçən ilin 10 ayı ərzində sığorta bazarının göstəricilərinə nəzər saldıqda 2019-cu ilin eyni dövrü ilə müqayisədə yığımlarda 8-9 faizlik artım müşahidə edilir. Sığortaçı Hikmət Allahverdi pandemiya dövründə bəzi sığorta ödənişlərində nəzərəçarpacaq dərəcədə artımın olduğunu bildirib: “Məsələn, səyahət sığortası. Ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması bu sığorta növü üzrə yığımları minimuma endirsə də, ölkələr arasında yükdaşımaların aktiv olması yük sığortaları üzrə yığımları artırıb”.

H.Allahverdi pandemiyanın geniş yayılmasına baxmayaraq Aqrar Sığorta Fondunun aktivləşməsi fonunda kənd təsərrüfatı üzrə sığortaların satışında müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayıb: “2020-ci ildə pandemiya şəraitində iqtisadiyyatın bir çox sektorlarına mənfi təsirlər müşahidə olundu. Sığorta agentlərinin satışın zəifləməsindən şikayətlənməsinə, bir neçə sığorta şirkətinin bazardan çıxmasına baxmayaraq, Mərkəzi Bank tərəfindən açıqlanan göstəricilərə əsasən, il sığorta sektorumuz üçün uğurlu olub”.

Müsbət tendensiyalar sırasında karantin müddətində fəaliyyətini davam etdirən iş yerlərində işçilərlə münasibətlərin rəsmiləşdirilməsini xüsusi qeyd edən H.Allahverdi bunun sığorta yığımlarına müsbət təsir etdiyini bildirib. Onun fikrincə, bu müddətdə sahibkarlar işçilərini rəsmiləşdirmək məcburiyyətində qalıblar. Bunun “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə yığımlardakı artımda payı az deyildir.

Mütəxəssis pandemiya dövründə sığorta şirkətlərinin müştərilərə xidmətdə axsamadıqlarını vurğulayıb: “Demək olar ki, əksər sığorta şirkətləri müştərilərə məsafədən xidmət göstərməklə bu sınaqdan uğurla çıxdılar. Onu da qeyd etmək lazımdır ki, əhalimizin üzbəüz ünsiyyətə üstünlük verməsi, rəqəmsal alətlərdən istifadədə çətinlik çəkən bəzi sığortalılar üçün çətinliklər də yaradır. Zərərin qiymətləndirilməsi üçün yaranan mübahisələr, şikayətlər uzun-uzadı yazışmalara səbəb olur. Halbuki, üzbəüz görüşlərdə bu cür hallarda tez kompromis əldə etmək olur”.

H.Allahverdi pandemiya dövründə yeni sığorta məhsulları baxımından da bəzi sığorta şirkətlərinin çevik davrandıqlarını bildirib. Aparılan işlərin siyahısında koronavirusa yoluxma ilə bağlı təminat verən sığorta məhsullarının, avtomobillərdən istifadənin azalması fonunda “Parking kasko” kimi məhsulun təbliği də var.