Qazaxıstan Prezidenti Nursultan Nazarbayev təşəbbüs irəli sürərək bəyan etmişdi ki, ölkədə aparılan islahatlar sadə (aşağı gəlirli) insanların dəstəklənməsinə yönəldilməlidir. Artıq parlamentin qəbul etdiyi qanuna əsasən, 2019-cu il yanvarın 1-dən az gəlirli qazaxıstanlıların vergiləri aşağı salınacaq. Prezidentin təşəbbüsünə əsasən, 2018-ci il üzrə aylıq gəliri 60.125 tengedən (164 ABŞ dolları) aşağı olan vətəndaşlardan fərdi gəlir vergisi 10 dəfə az tutulacaq. Hökumət hesab edir ki, bu qanunun qüvvəyə minməsi nəticəsində 2 milyondan artıq vətəndaşın maaşında artım olacaq və bu zaman işəgötürənlərin maliyyə yükü ağırlaşmayacaq. Bununla yanaşı, Baş nazirin müavini Erbolat Dosayev açıqlama verərək qeyd etmişdir ki, qanuna dəyişikliklər nəticəsində qarşıdakı üç il ərzində yerli büdcələr 94 milyard tenge (təxminən 256,5 milyon dollar) vəsait itirəcək. 2019-cu ildə güzəştə görə yığılmayacaq 29 milyard tenge (80 milyon dollar) isə dövlətin büdcəsindən kompensasiya ediləcək.